Cənab Seyyidənin (ə) hekayəsi (Birinci möcüzə)
Məşhur rəvayətdir ki, ərəblərin şəhərlərindən birində bir zərgər qadın yaşayırdı, onun yalnız bir oğlu var idi. Bir gün zərgər qadın quyuya su doldurmağa gedəndə oğlu da onunla getdi. Qadın oğlunu quyunun yanında oturdub su doldurmağa başladı. Quyunun o biri tərəfində bir dulusçu yaşayırdı, onun kürəsi o vaxt gur yanırdı. Uşaq oynaya-oynaya o tərəfə getdi. Zərgər qadın su doldurub qurtaranda uşağı quyunun yanında görməyib düşündü ki, yəqin evə gedib. Evə qayıdanda uşağı evdə də tapmadı. Axı ana idi, çox narahat oldu və ağlaya-ağlaya, sinəsinə döyə-döyə ciyərparəsini axtarmaq üçün yenidən evdən çıxdı. Quyunun yanına gəldi. Hər yeri axtardı. Sərgərdan və pərişan halda dolandı, hər kəsdən soruşdu. Amma heç bir iz tapılmadı. Heç yerdən xəbər çıxmadı. Beləcə axşam düşdü. Birdən səs-küy qalxdı ki, zərgər qadının oğlu dulusçunun kürəsinə düşüb yanıb. Bunu eşidəndə qadın son dərəcə sarsıldı və o qədər ağladı ki, huşunu itirdi.
Huşsuz halda nə görür: üzü niqablı bir möhtərəm xanım gəldi (salavat). Və buyurdu: Qəm yemə. Oğlun tezliklə sənə qovuşacaq. Niyyət et ki, əgər oğlum kürədən sağ-salamat, diri, oynaya-oynaya çıxsa, Həzrət Səyyidə (salamullahi əleyha) hekayəsini dinləyəcəyəm. Zərgər qadın elə huşsuz halda dərhal niyyət edib nəzir etdi. Gözünü açanda doğrudan da gördü ki, oğlu Allahın lütf və kərəmi ilə gülə-gülə, oynaya-oynaya, sağ-salamat gəlir və Həzrət Səyyidənin (ə) möcüzəsi ilə od onun bədəninə heç bir təsir etməyib. Hətta əynindəki paltarı da tamamilə salamat qalıb.
اَللّٰھُمَ صَلِّ عَلٰی مُحمَّدٍ وَّاٰلِ مُحَمَّدٍ
Zərgər qadın uşağı götürüb sevinə-sevinə bazara getdi. İki qəpiklik şirniyyat aldı və qonşulara dedi: Muradım hasil oldu, gəlin evimə, əgər kiminsə yadındadırsa, mənə Həzrət Səyyidə (salamullahi əleyha) hekayəsini danışın. Altı-yeddi evə getdi, amma hər kəs eyni sözü dedi: nə hekayəni xatırlayırıq, nə də boş-boş sözlərə vaxt ayıracaq qədər fürsətimiz var. Zərgər qadın hamıdan ümidini üzüb səhraya tərəf yollandı. Bir az gedəndən sonra həmin niqablı möhtərəm xanım göründü və buyurdu: Ey qadın, ağlama. Çadranı sərib otur. Mən hekayəni danışıram, sən dinlə. Sonra o (ə) buyurdu: Mədinə şəhərində bir yəhudi yaşayırdı. Onun qızının toyu idi. Həmin yəhudi Həzrət Rəsulullahın (s) hüzuruna gəlib dedi: Qızımın toyudur, əgər icazə versəniz, Həzrət Səyyidənin (ə) evimə təşrif gətirməsi ilə şərəflənərdim. Həzrət (s) buyurdu: Bu işin ixtiyarı Əlinin (ə) əlindədir. Bunu eşidib o, Əmirəlmöminin Həzrət Əlinin (ə) hüzuruna gəldi və ərz etdi: İcazə verin, Həzrət Səyyidə (ə) evimə təşrif gətirsin. Həzrət (ə) buyurdu: Bu işin ixtiyarı Həzrət Səyyidənin (ə) özündədir. Bundan sonra yəhudi Həzrət Səyyidənin (ə) qapısında səsləndi: Ey Rəsulun (s) qızı, qızımın toyudur, əgər təşrif gətirsəniz, mənim izzətim artar. Həzrət (ə) buyurdu: Həzrət Əmirdən (əleyhissəlam) icazə alım, sonra gəlim. Yəhudi dedi: Mən Rəsulullahın (s) və Həzrət Şiri-Xudanın (ə) hüzuruna getmişdim, hamısı ixtiyarı sizə veriblər. Həzrət Səyyidə (ə) bunu eşidib fikrə getdi, elə bu vaxt Həzrət Rəsulullah (s) özü təşrif gətirdi. Həzrət Səyyidə (ə) dedi: Ata can! Yəhudinin evindən adam gəlib, nə buyurursunuz, onun evinə gedim, ya getməyim? Həzrət (s) buyurdu: Ey qızım, ixtiyar səndədir. Həzrət Səyyidə (ə) ərz etdi: Ata can! Sizə böyük təhqir olacaq, çünki onların qadınları gözəl və nəfis paltar və bəzək-düzəklə bəzənmiş olacaqlar, mənimsə yalnız o cırıq, köhnə paltarım var ki, yer-yer xurma lifindən yamaqlar vurulub. Rəsulullah (s) buyurdu: Ey qızım! Elə bu halda get, Məbudun istədiyi olsun. Beləliklə, Həzrət Səyyidə (ə) getməyə hazırlaşdı. Hələ öz qapısının ağzına çatmamışdı ki, cənnət huriləri göydən nazil oldular, Həzrət Səyyidəni (ə) zinət və xələtlə bəzədilər və öz dəstələri ilə Həzrət Səyyidəni (ə) yola saldılar. Hurilərin bəzisi sağda və solda, bəzisi arxada, bəzisi isə önündə getdi. Həzrət Səyyidənin (ə) karvanı bu şan-şövkətlə yəhudinin evinə çatdı. O (ə) yəhudinin evinə çatan kimi bütün ev onun nuru ilə işıqlandı və elə bir ətir yayıldı ki, uzaq-uzaq yerlərdən hiss olunmağa başladı. Bu cah-calalı və əzəməti görüb bütün yəhudi qadınlar huşlarını itirdilər. Bir azdan hamı özünə gəldi, amma gəlin özünə gəlmədi. Min cür çarə etdilər, amma hamısı faydasız oldu. Baxdılar ki, ruh bədən qəfəsindən uçub gedib. Bir anda toy evi matəm evinə çevrildi.
Həzrət Səyyidə (ə) bunu görüb çox narahat oldu və buyurdu: Arxayın olun, indi özünə gələr. Bundan sonra o (ə) dərhal iki rükət namaz qılıb dua üçün əllərini qaldırdı və dedi: Ey mənim Məbudum, mən Rəsulun (s) qızıyam.
Sən Bətula (ə) Siddiqə adını vermisən, Rəsulun (s) xatirinə məni yalançı çıxarma.
Ey mənim haqq Məbudum! Mən Sənin Rəsulunun (s) qızıyam.
Mənim izzətim Sənin əlindədir, bütün camaat deyəcək ki, Səyyidə (ə) gələn kimi gəlin öldü, toy evi qəm evinə çevrildi.
Çox keçmədi ki, onun (ə) duası qəbul oldu və gəlin kəlmeyi-şəhadət deyə-deyə qalxıb oturdu.
اَللّٰھُمَ صَلِّ عَلٰی مُحمَّدٍ وَّاٰلِ مُحَمَّدٍ
Dedi: Şəhadət verirəm ki, Allah təkdir və şəriki yoxdur, Həzrət Məhəmməd Mustafa (s) haqq Rəsuldur və siz onun qızısınız. Mənə İslam dinini öyrədin. Və beləcə o qadın səmimi qəlbdən müsəlman oldu. Həzrət Fatimeyi-Zəhranın (ə) bu möcüzəsini görüb beş yüz (500) yəhudi kişi və qadın müsəlman oldu və hamı onu (ə) böyük izzət və hörmətlə yola saldı. Bir qadını ona (ə) kəniz olaraq verdilər. O (ə) öz mübarək evinə qayıtdı. Bütün əhvalatı Həzrət Rəsulullaha (s) danışdı. Risalət sahibi (s) də Allaha şükür etdi.
Hekayənin birinci hissəsi bitdi. Möhtərəm xanım (ə) ikinci hissəyə başladı. Zərgər qadın böyük maraq və etiqadla dinləməkdə davam etdi.