İmam Hüseynin (ə) təziyəsinin möcüzəsi (Altıncı möcüzə)
Qvalior knyazlığında dövlət təziyəsinin qaldırılacağı elə Məhərrəmin 9-da elan edilir ki, sabah filan vaxt dövlət təziyəsi imambaradan qaldırılacaq. Buna uyğun olaraq Məhərrəmin 10-da təziyənin qaldırılması üçün top atıldı və təziyə orkestr, piyada və süvari dəstələri ilə birlikdə yola düşdü.
Çox yaşlı bir Dəkən pandit də təziyə dəstəsinə baxmaq üçün evindən piyada yola düşdü. Bir tərəfdən onun yaşı təxminən doxsan (90) idi, digər tərəfdən piyada gedirdi; ona evindən bir mil aralıda, Rana Oli bazarının tinində dəstəni seyr etmək lazım idi. Zəiflikdə hər insanın ruhu düşdüyü üçün onun da ürəyində bir narahatlıq var idi ki, vaxtında çata biləcəyəmmi, ya yox.
Onun arxasınca arvadı da piyada gedirdi. Arvadı da zəif və yaşlı idi, piyada getməyə taqəti yox idi. Amma kim bilir hansı bir qüvvə onu öz tərəfinə çəkib aparırdı. Ərin addımı arvadınkından bir az iti idi, ona görə də arvad ondan yüz əlli addım geri qaldı. Ərini bərkdən çağırdı ki, niyə məni arxada qoyub gedirsən? Bir az dayan, mən də sənə çatım. Ər mürüvvətsizcəsinə cavab verdi: Mən dayana bilmərəm, top artıq atılıb; səni gözləsəm, təziyə keçib gedəcək. Mənim ölüm günlərim yaxındır, kim bilir gələn ilə qədər sağ qalacağam, ya yox. Bu gün təziyə keçib getsə, sənin ucbatından dərşəndən (ziyarətdən) məhrum qalacağam. Bunu deyib daha iti yeriməyə başladı, panditin arvadı isə elə beləcə sürünə-sürünə gəlirdi. Yolun ortasında bir körpü gəldi ki, onun hər iki tərəfində kərpic məhəccərlər əvəzinə üç düym qalınlığında dəmir borular qoyulmuşdu. O, bu körpünü keçmək üçün kənarla gedirdi ki, dulusçuların daşla dolu qatır sürüsü qarşıya çıxdı. Bu gün yolda saysız-hesabsız camaat var idi ki, qaça-qaça gedirdi. Bu basabasda kim bilir kimin itələməsi ilə bir qatırın üstündən içində ağır daşlar olan, daşla dolu bir taxta yerə düşdü. Onun daşlarından biri panditin arvadının ayağının pəncəsinin üstünə düşdü və ayağı əzildi. Panditin arvadı qıvrıldı və qışqırıb yıxıldı. Ətrafda gedən adamlar dərhal qaçıb gəldilər və tələsik onun ayağını sarıdılar. Bu hadisəni pandit də uzaqdan gördü, amma yerişini azaltmadı. Bavan Kaçarinin darvazasına çatıb nəfəs aldı. Bu vaxt onun qonşuları da yanına gəlib dayandılar və panditə dedilər: Arvadının ayağına ağır bir daş düşüb, bərk zədələnib. Səni çox çağırdıq, amma dönüb baxmadın da. Biz onun ayağını sarıyıb elə oradaca taxıl satan Rəhmanın dükanında oturtmuşuq. Bu bizim qonşuluq və insanlıq borcumuz idi. Lakin sənin bu daşürəkliyinə və mürüvvətsizliyinə çox təəccüb edirik. Pandit cavabında dedi: Göstərdiyiniz həmdərdliyə görə sizə minnətdaram. Arvadım mənə hamıdan əzizdir, lakin o vaxt qorxurdum ki, birdən geri qalaram və təziyəni görə bilmərəm. Arvad ölürsə, qoy ölsün, çünki arvad mənim axirətimi qurmayacaq; bizim də, sizin də, bütün dünyanın da axirəti Həzrət İmam Hüseynin (ə) və onun babası Rəsulullahın (s) əlindədir.
Panditin arvadının halı belə idi ki, ayağının pəncəsinin bütün barmaqları xırda-xırda olmuşdu. Dəhşətli ağrı var idi. Amma buna baxmayaraq panditin arvadı kirayə bir faytonu saxladı. Faytonçu soruşdu: Hansı xəstəxanaya aparım? Panditin arvadı cavab verdi: Tələs və Cənak Gəncdəki Hanuman meydanına apar, çünki yollar bağlanır. Faytonçu onu meydana gətirdi və təziyənin dərşən və ziyarətini ona nəsib etdi.
Təziyələr keçdikdən sonra panditin gözü təsadüfən arvadına sataşdı. Qaçıb yanına gəldi, arvadından halını öyrənib çox təsirləndi və narahatlığını bildirdi. Arvadı dedi: Bu gün yaralanmaq taleyimdə var idi, yaralandım, çoxlu qan axdı. Amma nə olsun ki, qan axdı; mən kiməm və mənim dəyərsiz qanım nədir? Bir onların halı barədə düşün ki, neçə gün ac-susuz qalmışdılar; zalımlar onları qonaq çağırıb xəyanət etdilər və onların hər bir uşağını Kərbəlanın isti torpağında şəhid etdilər. Buna görə də Hüseynin (ə) təziyəsinin dərşəni mənə nəsib oldusa, mən hər şeyə nail oldum.
Qvalior knyazlığının baş tibb məmuru doktor Vaqle həmin panditin yaxın qohumu idi. Pandit arvadını götürüb Memorial tibb xəstəxanasına gəldi. Vaqle şəxsən müayinə etdi və tabeliyində olan onlarla həkimin rəyini soruşdu. Hamısı eyni sözü dedi ki, əgər onun ayağı kəsilsə, ola bilsin ki, həyatı xilas olsun. Panditin arvadı bunu eşidəndə qətiyyən razı olmadı və müalicəsiz evə qayıtdı və panditə dedi: Narahat olma, yalnız haradansa təziyə nəzirlərinin udisini, yəni yandırıldıqdan sonra külə dönən kündür və s. gətir, mən onu yalayacağam. İmam Hüseyn (ə) özü yaranı da, sınmış sümüyü də hamısını düzəldəcək. Bir görərsən! Bu həkimlər nə edəcəklər? Məgər bu qocalıqda ayağımı kəsdirib şikəst olum? Beləliklə, pandit Xasgi küçəsində, bir təziyə saxlanılan boyaqçı Nuranın evindən çoxlu udi gətirdi. Panditin arvadı böyük etiqadla o udidən bir çimdik yaladı və dedi: İndi nə o ağrı qaldı, nə də o od kimi yanğı, göynəmə də yoxdur (salavat). Bir sözlə, heç bir dərmansız qısa müddətdə onun bütün sümükləri öz-özünə bitişdi və bütün əziyyəti aradan qalxdı (salavat).
Bir müddətdən sonra doktor Vaqlenin bir məclisində panditin arvadı ilə görüşdülər. Həkim soruşdu: Harada müalicə olundun ki, tamamilə sağaldın? Panditin arvadı bütün əhvalatı danışdı. Bunun üzərinə həkim dedi: Doğrudan da bu həkimlik-filan hamısı heçdir, boş bir aldatmacadır; Tanrı (Parmatma) nə istəsə, o olur.