Həzrət Abbas Ələmdarın (ə) möcüzəsi (On üçüncü möcüzə)
Bir şəhərdə adət idi ki, Məhərrəm günlərində şəbihlər düzəldib əzadarlıq edirdilər. Bir il onlar nasibi bir şəxsin oğlu olan bir gənci Həzrət Abbasın (ə) şəbihi etdilər. Atası qəzəblənib oğluna dedi ki,
«Səni o zaman Həzrət Abbasın (ə) fədaisi sayaram ki, qollarını kəsməyimə icazə verəsən».
Oğul razı oldu və ata qəzəb və hiddətə qapılıb onun hər iki qolunu kəsdi. Zövcəsi bundan xəbər tutanda ərini çox lənətləyib danladı. Ər qəzəblənib arvadının dilini kəsdi və oğlunun kəsilmiş qollarını onun qucağına atıb ana-oğulun ikisini də evdən qovdu.
Ana və oğul ikisi də bir imambaraya getdilər. Təziyənin qoyulduğu yerdə ikisi də minbərin önündə başlarını əyib ağlaya-ağlaya dua etməyə başladılar. Bu vaxt gördülər ki, geyimlərindən əzəmət və cəlal yağan bir neçə xanım həmin imambaraya daxil oldu. Onlardan bir xanım (ə) o qadının kəsilmiş dilinə ağzının suyunu (tüpürcəyini) sürtdü və onun dili düzəldi. Sonra Həzrət Abbasın (ə) duası ilə oğlunun kəsilmiş qolları sağaldı. Sonra o gənc Həzrət Abbasın (ə) əlindən öpmək istəyəndə Həzrət (ə) buyurdu: Mənim hər iki qolum kəsilmişdir və qiyamətə qədər belə qalacaq — Məhşər gününün Hakiminin hüzuruna çıxıb möminləri behiştə aparana qədər.