İmambarənin möcüzəsi (Beşinci möcüzə)
Afrikanın çox böyük bir tacirinin hər iki ayağı dizinə qədər odda yanıb yararsız hala düşmüşdü, piyi çıxmışdı və yaraları sağalmaz olmuşdu. Əsl hadisə bu idi ki, Afrikada «cadu həkimi» adlandırılan bir sehrbaz od üzərində yeriyirdi və kim onun ətəyindən tutsaydı, od ona zərər vermirdi.
Belə nümayişlərdən birində adı çəkilən tacir də onun ətəyindən tutub oda qədəm qoydu. Dörd bir tərəfdə alovlar yüksəlirdi, amma onlarda sərinlik var idi. Bu sərinliyi hiss edən tacir düşündü ki, bu od süni oddur və həkimin ətəyindən tutub-tutmamaq eynidir. Beləliklə, o, həkimin ətəyini buraxdı. Elə o an paltarına od düşdü və ayaqları dərhal yandı. Tacir müalicə üçün Nayrobi xəstəxanasına getdi. Lakin bir neçə aylıq müalicəyə baxmayaraq heç bir yaxşılıq olmadı. Sonra oradan Londona getdi. Orada həkimlər ayaqlarını kəsmək qərarına gəldilər. Lakin tacir ayaqlarını kəsdirməkdən imtina etdi və öz vətəni Bombeyə qayıtdı. Bombeydə bəziləri ona Cavra knyazlığındakı Hüseyn Təpəsinə getməyi məsləhət gördülər.
1941-ci ildə baş vermiş hadisədir ki, tacirin xidmətçiləri onu xərəkdə Kiçik Həzrətin, yəni Həzrət Abbasın (ə) rövzəsinə apardılar. Orada «calar» adlanan, quyuya bənzər bir pilləli quyu var idi, rövzənin həyətindən dərhal sonra pillələrlə aşağı enilirdi. Hər gün onun suyu ilə tacirin ayaqlarının yaraları yuyulurdu. Sonra rövzəni təvaf etdirib onun xərəyini Həzrət İmam Hüseynin (ə) rövzəsinə aparırdılar. Orada ud tüstüsünün külünü onun yaralarına səpirdilər. Sonra onun xərəyi axşama qədər həyətdə qalırdı. Bu iş bir neçə ay davam etdi. Elə həmin günlərdə yavaş-yavaş onun yaraları sağalmağa başladı. Hətta o tacir elə hala gəldi ki, öz ayaqları ilə yavaş-yavaş yeriyib calara çatır, yaralarını yuyur və öz ayaqları ilə qayıdırdı. Nəhayət, bir gün bütün dünyanın həkimlərindən ümidini üzüb məzlum İmam Həzrət İmam Hüseynin (ə) qapısına gəlmiş o tacir tamamilə sağalıb sevinə-sevinə öz vətəninə yola düşdü.
Övladsız qadınlar nəzir olaraq boş beşiklər qoyurlar və övlad nemətinə nail olurlar. Hüseyn Təpəsinin nurlu binaları müqəddəs Kərbəlanın rövzələrinə bənzəyir. Caların suyu təmiz və saf olmaqla yanaşı, çox şirin və şəfalıdır.
Davud Həbibin ailəsindən bir qız uşağı sağalmaz hala düşmüşdü. Onu Bombeydən Hüseyn Təpəsinə gətirdilər və bir neçə gün burada saxladılar. Hər gün o qızı caların suyu ilə çimizdirirdilər. Nəhayət, o qız tamamilə sağaldı (salavat).
Davud Həbib qızın şəfa tapması münasibətilə elə burada geniş miqyasda nəzir verdirdi və bütün Cavra əhalisini qonaq etdi. Sonra bir karvansara tikdirdi və zəvvarların rahatlığı və asayişi üçün lazımi şərait yaratdı. Deyilir ki, burada qalan heç bir zəvvar ən adi bir şeyi belə oğurlamır; əgər kimsə oğurlamağa cəhd etsə belə, elə müsibətlərə düçar olur ki, onu geri qaytarmalı olur.