Həzrət Abbas Ələmdarın (ə) möcüzəsi (On dördüncü möcüzə)
Əllamə Ağa Şeyx Məhəmməd Baqir Bircəndi Qaini (rəhmətullahi əleyh) «Kibriti-Əhmər» kitabında yazır: Bəzi ustadlarımdan eşitmişəm ki, Kərbəlada saleh bir gənc oğlan var idi. O xəstələndi; atası onu gecə Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs rövzəsinə apardı və mübarək zərihə bağladı və Həzrət Abbasın (ə) təvəssülü ilə uca Allahdan oğlanın sağalması üçün dua etdi.
Səhər həmin şəxsin bir dostu gəldi və dedi: Gecə qəribə bir yuxu görmüşəm, onu sənə danışmaq istəyirəm. Gördüm ki, adlı-sanlı ağa Həzrət Abbas Ələmdar (ə) ilahi dərgahda sənin oğlunun sağalması üçün dua edir. Bu vaxt Rəsulullah (s) tərəfindən bir mələk Həzrət Əbülfəzlin (ə) hüzuruna gəldi və dedi: Ey Abbas ibn Əli ibn Əbu Talib (ə), bu xəstə üçün şəfaət etməyin; onun günləri tamam olub, ömrü başa çatıb, yazılmış müddəti bitib. Həzrət Abbas (ə) mələyə cavab verdi: Sən Həzrətin (s) hüzuruna mənim salamımı çatdır və de ki, buna baxmayaraq mən Xatəmül-ənbiya ağanın vəsiləsi ilə aləmlərin Allahından bu gəncin (xəstənin) şəfası üçün xahiş edəcəyəm. O mələk yenidən Kərim Rəsulun (s) hüzuruna gəldi və Həzrət Əbülfəzl Abbasın (ə) sözünü çatdırdı. Allahın Peyğəmbəri (s) mələyə buyurdu: Yenə Abbasın (ə) yanına get və əvvəlcə dediyim sözü ona de. Beləliklə, mələk Həzrət Abbasa (ə) yenidən dedi. Həzrət Abbas (ə) da həmin sözü deyib mələyi yenə geri qaytardı. Hər halda, beləcə mələk üçüncü dəfə yenə gəlib Haqq-Təalanın məhbubunun (s) sözünü çatdıranda Həzrət Abbas Ələmdarın (ə) rəngi dəyişdi. Sonra özü aləmlərə rəhmət olanın (s) hüzuruna gəldi, salavat və salamdan sonra ərz etdi: Ya Rəsulallah (s)!
وَلَيْسَ إِنَّ اللّٰهَ قَدْ سَمَّانِي بِبَابِ الْحَوَائِجِ وَالنَّاسُ يَعْلَمُونَ ذٰلِكَ،،،
Məgər belə deyilmi ki, uca Allah mənim adımı «Babül-həvaic» qoyub? Camaat da bunu bilir, ona görə də mənim yanıma gəlirlər və məni ilahi dərgahda vəsilə edirlər. Əgər məqsəd xahişi qəbul etməməkdirsə, onda əvvəlcə mənim «ləqəbimi» geri alın, sonra mənim heç bir etirazım olmayacaq. Bunu eşidib Risalət sahibi Həzrət (s) gülümsədi və sonra buyurdu: Abbas (ə)! Get, Allah gözlərini aydın etsin. Sən şübhəsiz «Babül-həvaic»sən, kimin üçün istəsən şəfaət et.
Beləliklə, uca Allah Həzrət Abbasın (ə) vasitəsilə o xəstə gəncə tam və kamil şəfa bəxş etdi. Sonra mənim gözüm açıldı və bu yuxunu sənə danışmağa gəlmişəm. Bundan sonra o şəxs oğluna baxanda onu şəfa tapmış gördü.