Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) möcüzəsi (Üçüncü möcüzə)
Məşhurdur ki, bir şəhərdə kasıb və çoxuşaqlı bir odunçu yaşayırdı. Hər gün meşəyə gedir, odun doğrayır, şəhərə gətirib satır və uşaqlarının qarnını doyururdu. Bir gün odunları satılmadı, gecə düşdü. Düşündü ki, əliboş evə necə gedim, uşaqlar aclıqdan narahat olacaqlar, onların narahatlığını görüb daha da dərdlənəcəyəm; yaxşısı budur ki, gecəni elə burada keçirim, səhər odunları satıb evə gedim. Onun dediyinə görə, o, elə orada qaldı. Gecə yarısı üzünə niqab salmış bir atlı qiblə tərəfdən göründü, mənim halımı soruşdu, mənə mərhəmət göstərib beş qəpik bağışladı və buyurdu: Bu pullarla şirniyyat alıb iki dünyanın mövlası, iki aləmin müşkülgüşasının (ə) fatihəsini (nəzirini) ver. Rəhim və Kərim Allah onun bərəkəti ilə sənin yoxsulluğunu aradan qaldıracaq.
Odunçu o pulları sevinə-sevinə götürdü. Elə o an onu mürgü basdı. Sonra gözünü açanda nə gördü: öz evində dayanıb və odun şələsi həyətdə yerə qoyulub. O, zövcəsini oyatdı, gecənin bütün əhvalatını danışdı və dedi ki, Əmirəlmöminin (ə), Mövlayi-Müşkülgüşanın (ə) adına fatihə verdirməyin tədarükünü gör. Sonra ər-arvad ikisi də yuyunub fatihə üçün şirniyyat hazırladılar, Həzrət Əmirəlmömininin (ə) nəzirini verib özləri də yedilər, uşaqlara da yedirtdilər. Həmin gün onun odun şələsi iki qat qiymətə satıldı.
Ertəsi gün odunçu adəti üzrə odun doğramaq üçün meşəyə getdi və quru bir ağac gördü. «Bismillah» deyib baltanı bir dəfə vuranda ağac sındı. İkinci zərbəni «Ya Əli (ə)» deyib vuranda ağac kökü ilə birlikdə yıxıldı və onun kökünün altından bir xəzinə üzə çıxdı. Odunçu onu görüb çox sevindi və şükür səcdəsi etdi. Sonra ondan bir neçə əşrəfi götürüb bazara getdi və yeyib-içmək üçün şeylər alıb evə gəldi. Ertəsi gün ailəsini götürüb həmin ağacın yanına gəldi, o meşəni satın aldı, orada gözəl və möhtəşəm bir saray tikdirdi, hər yerdə karvansaralar və su evləri inşa etdirdi, aşxanalar açdı və onlara baxmaq üçün çoxlu xidmətçi təyin etdi.
Bir gün o şəhərin hakimi ov məqsədilə həmin meşəyə gəlib çıxdı. Susuzluqdan narahat olub xidmətçilərinə su gətirməyi əmr etdi. Xidmətçilər su axtarmaq üçün hər tərəfə dağıldılar. Təsadüfən xidmətçilərdən birinin yolu həmin odunçunun sarayına düşdü. Hakimin xidmətçisi oradakı adamlardan su istədi, onlar ona bir sürahi və bir kasa verdilər. O, bunları götürüb hakimin yanına gəldi. Hakim suyu içdi, amma son dərəcə təəccüblə sürahiyə və kasaya baxdı, sonra xidmətçisindən soruşdu ki, bu meşədə bu nəfis sürahi və bu xoş su haradan tapıldı? Xidmətçi ərz etdi: Hökmdarım! Bir il olar ki, bir odunçu bu meşədə şəhər salıb. Öz sarayını tikdirib, sonra hər yerdə karvansaralar və su evləri tikdirib, yolçuları, kasıbları, möhtacları və ehtiyaclıları zəngin edib. Bu suyu, sürahini və kasanı onun evindən gətirmişəm. Hakim çox heyrətləndi və dedi: Biz bu meşədə heç vaxt hər hansı bir yaşayış yerinin izini belə görməmişdik. Həmin hakim əmr etdi ki, odunçunu ailəsi ilə birlikdə hüzuruna gətirsinlər. Yoldaşları hakimə başa saldılar ki, belə xeyirxah və saleh bir adamı bu cür çağırtdırmaq münasib deyil. Bir sözlə, həmin hakim öz sarayına qayıtdı və bütün əhvalatı xanımına danışdı. Xanım da odunçunu və onun zövcəsini çağırtdırmaq arzusunu bildirdi. Hakim onların ikisini də çağırtdırdı. Odunçu hakimə və xanımına əşrəfilər hədiyyə etdi. Hakim onların ikisinin də öz yanında yaşamalarını arzuladı və onlar sevinclə onun yanında yaşamağa başladılar.
Bir gün xanım hamama gedərkən öz «doqquz yüz minlik boyunbağısını» boynundan çıxarıb mıxdan asdı və odunçunun zövcəsinə onu qorumağı tapşırdı. Allahın qüdrətinə bax ki, o mıx boyunbağını uddu və qadın heyrətlə baxıb qaldı. Hakimin xanımı hamamdan çıxıb boyunbağını tapmayanda ondan soruşdu, o da gördüyünü dedi. Hakimin xanımı inanmadı. Ərinə şikayət etdi. Hakim odunçunu da, onun zövcəsini də həbs etdi. Onların ikisi də uzun müddət bu halda qaldılar.
Bir gecə yenə həmin atlı yuxuda gəldi və soruşdu: «Ey odunçu, sən Əmirəlmöminin Həzrət Əlinin (əleyhissəlam) nəzirini verdirirdinmi?
Hər ikisi ərz etdi: Xeyr. Atlı buyurdu: Bu bəlaya düçar olmağınızın səbəbi elə budur. İndi fatihə verdirin. Odunçu ərz etdi: Bizim pulumuz yoxdur. Buyurdu: Yatağının altındadır. Odunçu yuxudan diksinib oyandı və pulları götürdü; ikisinin də əllərinin və ayaqlarının zəncirləri də açılmışdı. Səhər olanda gördülər ki, yaşlı bir qadın keçir. Onların ikisi ona yalvardılar ki, Əmirəlmöminin Həzrət Müşkülgüşanın (ə) nəziri üçün şirniyyat gətirsin. O qarı dedi: Bu gün oğlumun toyudur, çoxlu işim var, gətirə bilmərəm.
Təsadüfən başqa bir yaşlı qadın da oradan keçdi, onun cavan oğlu ölmüşdü, ağlaya-ağlaya gedirdi. Onların ikisi (odunçu və onun zövcəsi) ondan şirniyyat alıb gətirməsini xahiş etdilər. Qarı Əmirəlmömininin (ə) adını eşidən kimi razılığını bildirdi və heç bir bəhanə və üzrsüz bazardan şirniyyat alıb gətirdi. Odunçu Həzrət Müşkülgüşanın (ə) nəzirini verdi, özü də yedi, qarıya da yedirtdi. O yaşlı qadın öz evinə qayıdanda oğlunu diri tapdı. Oğlunun toyu olan və Əmirəlmömininin nəziri üçün bazardan şirniyyat alıb gətirməkdən imtina edən o biri yaşlı qadın isə evinə qayıdanda oğlu qəfildən öldü. Bu xəbər yayılanda oğlu qəfildən ölən qarı ölmüş oğlu dirilən qarıdan ölmüş oğlunun dirilməsinin səbəbini soruşdu. O dedi: Başqa heç bir səbəb bilmirəm, yalnız bir dustağın xahişi ilə iki dünyanın mövlası Həzrət Müşkülgüşanın nəziri üçün ləvazimatı bazardan alıb gətirmişdim. Nəzir ləvazimatını o naçar dustağa verib evə qayıdanda oğlumu diri tapdım. Bunu eşidib o qarı ürəyində peşman oldu, tövbə edib səmimi qəlbdən niyyət etdi ki, əgər mənim oğlum da dirilsə, mən də fatihə verdirəcəyəm. Allah öz rəhməti ilə onu diriltdi, o biri tərəfdə isə həmin mıx da boyunbağını geri qaytarmağa başladı. Bu halı görüb hakimin xanımı öz gözləri ilə gördüyü əhvalatı hakimə danışdı, onda o da inandı və dedi: Odunçunu və onun zövcəsini mən günahsız yerə həbs etmişdim. Buna görə də o, dərhal elə həmin an odunçu və zövcəsinin azad edilməsini əmr etdi. Azad olunduqdan sonra hər ikisi hakimin hüzuruna gəldilər, o da onlardan soruşdu: Siz elə nə iş görmüsünüz ki, belə kəramətlər zahir oldu? Hər ikisi ərz etdi: Biz hər cümə axşamı Həzrət Əmirəlmömininin (ə) fatihəsini (nəzirini) verdirirdik. Qəflət üzündən bir neçə cümə axşamı nəzir verdirə bilməmişdik və nəticədə bu bəlaya düçar olduq. İndi ki bu nəziri verdik, onun bərəkəti ilə Kərim Allah ikimizi də zindandan xilas etdi.
Buna görə də hər kim hər cümə axşamı Müşkülgüşanın (ə) nəzirini verdirsə, yerin və göyün bütün bəlalarından amanda qalacaq, ömrü və ruzisi artacaq, düşmənləri və bədxahları həmişə məğlub olacaqlar. İnşallahu-təala.
Nəzirin qaydası:
Əvvəldə və axırda üç dəfə salavat. Yeddi dəfə «Əlhəmd» surəsi və yeddi dəfə «Qul huvallahu əhəd» surəsi oxunsun. Və desin: Bu surələri oxumaqdan hasil olan savabı mən iki dünyanın müşkülgüşası Həzrət Əmirəlmöminin Əli ibn Əbu Talibə (ə) hədiyyə edirəm.